Süleyman Ələsgərovun 100 illiyi qeyd edildi

Süleyman Ələsgərovun 100 illiyi qeyd edildi
407 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 21-də Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi Xalq artisti, Üzeyir Hacıbəyli adına Respublika Mükafatı laureatı, Azərbaycan Bəstəkarlar İttifaqı Qarabağ filialının rəhbəri (1972–2000) olmuş Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirib.

Axşam.az xəbər verir ki, Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə Bakı Şəhəri Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, görkəmli bəstəkarın adını daşıyan 1 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Abbasov çıxış edərək Süleyman Ələsgərovun həyat və yaradılıcılığından geniş söz açıblar.

Bildirilib ki, Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü il fevralın 22-də Qarabağımızın tacı, Azərbaycan mədəniyyətinin beşiyi Şuşa şəhərində anadan olub. Yaradıcılıq ruhunu Şuşanın ecazkar təbiətindən alan gənc Süleyman ali musiqi təhsili almaq üçün Bakıya üz tutur. Burada Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində təhsil alan istedadlı musiqiçi qısa müddətdə musiqi ictimaiyyəti arasında tanınmağa başlayır. 1943-cü ildə dahi Üzeyir Hacıbəylinin zəmanəti ilə respublika Bəstəkarlar İttifaqına üzv qəbul olunan gənc bəstəkarın gələcək yaradıcılıq uğurlarında 1942-ci ildə bəstələdiyi “Gözlə məni” mahnısı böyük rol oynayır.

Süleyman Ələsgərov 2000-ci il yanvarın 21-də 75 yaşında dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub.

Görkəmli bəstəkar 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestrı üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi sevilən romansların, həmçinin 200-dən artıq mahnının müəllifidir.

Tədbirdə Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri geniş və rəngarəng konsert proqramı ilə çıxış ediblər. Onların ifasında S. Ələsgərovun, həmçinin klassik Azərbaycan və dünya bəstəkarlarının əsərləri maraqla qarşılanıb.