Müğənni İzzət Bağırov bacısı qızı, xanəndə Almaxanım Əhmədlinin toyunu niyə tez tərk etməsinə aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Həftənin qonağı" verilişində danışıb. O, vurğulayıb ki, toyun olacağından xəbəri olmayıb:
"Bu sualı Almaxanıma verin. Mənim heç toydan xəbərim yox idi. Toy danışılmışdı. Bacım mənə zəng vuranda, söylədim ki, bəs bunu mənə deyin də. Axı mən toy danışmışam. Toy yiyəsinə dedim ki, behinizi ikiqat qaytarım, bacım qızının toyudur, orada iştirak etməliyəm. Cavab verdi ki, yox, əhdim var. Bəyin atasının toyunda mən oxumuşdum. O da deyib ki, 26 il əvvəl toyumda sən oxumusan, indi də oğlumun şad günündə ifa etməlisən. Dedi, bilirəm, Almaxanımın toyudur. Mənim qardaşımı da Vüqar Əhməd (şair, Almaxanımın atası - red.) çağırıb. Söylədi ki, icazə verərəm o toya 1 saat gedib-gələrsən, bizi incitmə.
Toy günü saat 9-da dedim ki, mən gedim. O saata qədər də dayanmadan oxumuşam ki, toy yiyəsinin gözünü yorum, oradakılar da məndən bezsinlər, gedə bilim. Maşına minib məclisə gəldim, birbaşa səhnəyə getdim. Söz verdilər, danışdım, oxudum, təbrik etdim, qohumlarla görüşdüm, qayıtdım.
Vüqarla aramız pis deyildi, amma bilmirəm toyu niyə Elçin Hüseynov apardı. İstəkləri elə olub ki, o aparsın. Nə deyə bilərəm? Aramız pis olsa, toya getməzdim. Sadəcə, mənə deməmişdilər. Söylədilər Elçin aparacaq məclisi. Elçin deyib ki, aparıcı mən olacağam, onun bir dayısı da mənəm. Müdaxilə etmədim.
İncimədim, güclə deyə bilmərəm ki, toyu mən aparım. Hamı danışdı bu barədə, amma günahkar mən deyildim. Mən heç vaxt onların işinə qarışmamışam”.
İzzət bildirib ki, digər bacısı oğlu Tahirin işlərinə müdaxilə edə bilər:
“Çünki ona atalıq etmişəm. Amma Almaxanıma qarışa bilmərəm. Birincisi, atası var, ikincisi də həyat yoldaşı. Bütün işlərini atası həll edir. Bir ara o atasız heç yerə getmirdi. İndi həyat yoldaşı Murad onu əvəz edir. Himayəmdə olmayan adamın işinə qarışa bilmərəm".