"Hər şərh yazan insanların mədəniyyəti, təhsili, dünyagörüşü var? Mədəniyyəti olan insan heç vaxt təhqir yazmaz. Kiməsə bunu yazırsansa, əvvəl özünü təhqir etmiş olursan. Bu, ayıbdır. Ümumiyyətlə kiminsə qəlbini qırmağa nə haqqın var? Kim sizə bu haqqı verib ki, kiminsə qəlbini qır, haqqına gir. Bəs bu, günah deyil?"
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Söhbət var" verilişində deyib. O, mənfi şərh yazan və məşhurları təhqir edənləri qınayıb. S.Ələkbərzadə insanların arxa planda sənətçilərin nə qədər əziyyət çəkdiklərindən xəbərsiz olduqlarını vurğulayıb:
"Elə konsertim olub ki, 20 gün danışmamışam. Elə oldu ki, xəstələndim. Həkim dedi, danışmaq olmaz. 20 gün danışmamaq nə deməkdir? Bunu bilirsiniz həyatımda neçə dəfə yaşamışam? Bu o deməkdir ki, heç yerə gedə bilmirsən, nə telefonla, nə evdəkilərlə danışırsan. Sanki səni zindana qoyublar, orada 20 gün qalırsan".