"Səviyyəmizi qoruyaq"

"Səviyyəmizi qoruyaq"
924 dəfə oxunub
  • A-
  • A
  • A+

"1 ay əvvəl divan sifariş etdim. Şirkətin adını açıqlamıram. Çünki məqsədim onları aşağılamaq deyil. Üstündən 2 həftə keçdi səs çıxmadı, zəng vurdum, böyük minnətlə 3 həftədən sonra "təcili sifariş" vurdular və ustalar gətirib quraşdırdılar. Hörmətlərini də etdim. Əyləşdik divana, gördük "brak"dır. Ustalar da bunu gördü".

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Azər Qəribov sosial media hesabında yazıb. O, mebel şirkəti ilə yaşadığı problemdən danışaraq ölkədəki müştəri məmnuniyyətinə olan laqeyidlikdən şikayətlənib:

"Zəng vurdum şirkətə dedim bunu istəmirəm. Söylədilər ki, 3-4 günə ekspert gələcək, rəy versin, ondan sonra baxarıq. Rəy versə, yaxşıdır, mən yalançı oluram, desə pisdir, yenə 3-4 həftə gözləməliyəm. Cavab verdim ki, istəmirəm, qaytarın. Ustalar pulu geri vermək istəsələr də almadım ki, əziyyət çəkiblər. Səhər sürücünü şirkətə göndərdim ki, 100 manat beh vermişəm, onu alsın. Qalanı halal edirəm, baxmayaraq ki, stres yaşadım, nə qədər vaxtımı aldılar. 100 manatdan 15 manat çıxıblar ki, dövlətə vergi vermişik. Böyük şirkətdir, milyonlarla qazancı var. Bu postla gəlirləri azalmayacaq. Sadəcə söhbət səviyyədən gedir.

Bir müddət əvvəl İtaliyaya getmişdim. Milandan 104 dollarlıq transfer sifariş etmişdim. Gördüm çatdırmayacağam. Sürücü dedi ki, gözləyə bilmərəm. Dedim problem yoxdur. Şirkət mənə dərhal yazdı ki, bizim təqsirimiz yoxdur, amma yenə də pulu sizə qaytarırıq, gələcək sifarişinizdə də 10 faiz endirim təklif edirik. Məndən soruşurlar oralardan buralara nəyi gətirmək istəyərdin. Bir çox şey var: Növbədə durma, girib-çıxanda arxanca qapını bağlama, yollarda digər sürücülərə, piyadalara hörmət etmək mədəniyyəti və müştərilərə münasibət. Çünki orada müştəri məmnunluğu ön cərgədədir. Hətta olur ki, müştəri haqsızdır, yenə də onun qılığına girirlər, könlünü almaq istəyirlər. Bəlkə mebel şirkəti bunu eşidib utanar. Özlərini "15 manat" səviyyəsinə endirdi. Çalışaq bir-birimizə hörmət edib, səviyyəmizi qoruyaq".