Xalq artisti Aygün Bayramova yerli-yersiz işlədilən “ustad” və “sənətkar” ifadələrinə etiraz edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşamı” verilişində qonaq olarkən danışıb. O, sosial şəbəkələrdə və efirlərdə bu sözlərin çox bəsitləşdirildiyini bildirib:
“Allah ustadım Arif Babayevə rəhmət eləsin. Arif müəllim böyük sənətkar, böyük ustad idi. Əsl ustad elə Arif Babayevdir. Təbii ki, bizim başqa ustadlarımız da var. Amma heç kim inciməsin, indi “ustad” və “sənətkar” sözlərini çox cılızlaşdırıblar. Hər kəsə "sənətkar", hər kəsə "ustad" demək olmaz. Bayaq tələbəm mənə “ustadım” deyəndə, ona bildirdim ki, “müəllimim” desin. Bilirsiniz, ustad olmaq çox böyük anlayışdır. Bu sözlər çox ucuzlaşıb.
Məsələn, efirə çıxan gənc bir ifaçıdır, müəllimi də cavandır. Qoy desin ki, “müəllimim yaxşı müəllimdir, mənə bunu, onu öyrədir”. Amma “ustad” və “sənətkar” sözlərini ucuzlaşdırmayaq. Bu gün sosial şəbəkələrdə də görürük, hər kəs bir-birinə “sənətkar qardaşım”, “sənətkar bacım” deyir. Bu nə qədər olar? Yadınıza gəlir, bir neçə il bundan qabaq “maestro” sözü dəbdə idi. İndi “maestro” demirlər, indi “sənətkar qardaşım”, “sənətkar bacım”, “ustad” deyirlər. Xahiş edirəm, bu məsələdə bir az diqqətli olaq”.