Xəbər verdiyimiz kimi, Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı saxlanılıb.
Axşam.az-ın məlumatına görə, artıq bir neçə gündür ondan və qızlarından xəbər yoxdur. Bu dəfə Zeynəbin anası Solmaz Cavadlı videomüraciət yayıb. O, artıq bir neçə gündür qızı və nəvələrindən xəbər almadığını bildirib:
"Bir ana kimi çox həyəcanlıyam. 5 gündür ki, qızım Zeynəbi və uşaqlarını hara və necə aparıblar heç bir xəbərim yoxdur. Nəvələrimi, qızımı axtarıram. Zeynəb Cavadlı üçün bütün analar həmrəy olsun. Hamını köməyə çağırıram".
Qeyd edək ki, Zeynəb Cavadlı və üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia edilir. Məsələ ilə bağlı açıqlama verən idmançının britaniyalı vəkili Devid Heyq bu hadisədən sonra müvəkkili ilə bütün əlaqələrin kəsildiyini bildirib. Zeynəbə dəstək üçün Dubaya yollanan anasının da evə daxil olmasına icazə verilmədiyi və ölkədən çıxışına qadağa qoyulduğunu deyib.
Hadisə ilə əlaqədar artıq BMT-yə müraciət edilsə də, bundan təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların atası Şeyx Səidə verilməsi barədə qərar çıxardığı məlumdur. Sözügedən sənəddə zərurət yaranacağı təqdirdə hökmün "məcburi qaydada və zor tətbiq edilməklə" icra oluna biləcəyi vurğulanıb.