Dubay şahzadəsinin azərbaycanlı eks-xanımı və 3 qızının zorla aparıldığı iddia olunur

Dubay şahzadəsinin azərbaycanlı eks-xanımı və 3 qızının zorla aparıldığı iddia olunur
385 dəfə oxunub
  • A-
  • A
  • A+

Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, gimnast Zeynəb Cavadlı və üç qızının Dubay polisi tərəfindən saxlanıldığı iddia olunur.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Vəkili Devid Hey bildirib ki, Zeynəb Cavadlı və onun uşaqlarından heç bir xəbər ala bilmir. Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına təcili müraciət olunub.

Vəkil əlavə edib ki, o, sonuncu dəfə bir gün əvvəl Cavadlı ilə danışıb, bundan sonra bütün əlaqə kəsilib. O, vəziyyəti son dərəcə narahatedici adlandırıb. Vəkil iddia edir ki, Dubay polisi gecə saatlarında Cavadlının evinə basqın edib və onu üç qızı ilə birlikdə aparıb:

"Mən hesab edirəm ki, Dubay polisi və dövlət təhlükəsizlik qüvvələri Zeynəbin evinə basqın edib, onu və uşaqları aparıblar".

Devid Hey bildirib ki, Cavadlının anası qızına dəstək olmaq üçün Dubaya gəlib. Lakin anası evin bağlı olduğunu görüb və ona ölkəni tərk etməyə icazə verilməyib.

İddiaların mərkəzində uzun sürən qəyyumluq məhkəmə prosesi dayandığı deyilir. İki ay əvvəl Dubay məhkəməsi qərar verib ki, Cavadlı üç qızını ataları Şeyx Səidə təhvil verməlidir. Qərarda qeyd olunub ki, zərurət yaranarsa, bu hökm güc tətbiq edilməklə icra oluna bilər. Hələlik nə Dubay polisi, nə də onun keçmiş əri Şeyx Səid rəsmi açıqlama verib.

Qeyd edək ki, Cavadlı daha əvvəl övladlarının qəyyumluğunu qorumaq üçün mübarizə apardığını və təzyiqlərə məruz qaldığını bildirmişdi.

Belə ki, o, apreldə yayımladığı videomüraciətdə bildirib ki, Dubay polisinin uşaqlarını əlindən alacağından qorxur. Göz yaşları içində o, evinə basqın ediləcəyi və məhkəmə qərarına əsasən uşaqlarının məcburi şəkildə ondan alınacağı barədə xəbərdarlıqlar aldığını söyləyib.

Baş vermiş hadisə Dubay kral ailəsinə qarşı əvvəlki illərdə səsləndirilmiş mübahisəli ittihamları yenidən gündəmə gətirib.

Əvvəllər Şeyx Məhəmmədin keçmiş həyat yoldaşı Şahzadə Həya bint Hüseyn ölkəni tərk edərək Böyük Britaniyaya sığınmışdı. Onun qızı Şeyxa Lətifə bint Məhəmməd Əl Məktum isə yayımladığı videolarda azadlığının məhdudlaşdırıldığını iddia etmişdi.