"Çox şükür, bu gün 41 yaşımı sağ salamat və qürurlu şəkildə tamamlayıram! Qeyd etməliyəm ki, bu günümü inşa edə bilmək üçün 15 yaşımdan çəkdiyim zəhmət, fədakarlıqlar çətin də olsa öz bəhrəsini verib. Uğurlarımda payı olan, üzərimdə haqqı olan hər kəsə ayrı ayrılqda minnətdaram. Mənim üçün edilən yaxşılıqları heç vaxt unutmadım, unutmaram. Allah razı olsun gözəl insanlardan, qiymətli dostlarımdan".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov sosial şəbəkədə yazıb. 41 yaşı tamam olan Ayaz arzularını bölüşüb:
"Bu illər ərzində əsas istəklərim: ən vacibi can sağlığı, Allahın bizə bəxş etdiyi bu həyatı insan kimi yaşaya bilmək, böyüklərə sayqıda qüsur etmədən gözəl tövsiyyələrə qulaq asıb ağıllı yaşamaq və haramdan, qul haqqına girmədən ədalətli qərarlar qəbul edib davranmaq, kişi kimi işləyib bəy kimi dolanmaq əsas prinsiplərim olub, olacaq. Zənnimcə, başqası deyil, özün kimi olmaq insan həyatında çox vacib məqamdır.
Hərkəsin öz həyat hekayəsi var. Mən də öz növbəmdə Ayaz Qasımov olaraq istər sənət həyatımda, istər şəxsi həyatımda doğru olanı edərək hekayəmi daha gözəl davam etdirmək niyyətindəyəm. Odur ki, inşaallah, ömrümün 42-ci yayında ən məhsuldar ən gözəl ili olmağını arzu edirəm özümə… Hər şey daha gözəl olacaq. Yaxşı ki varam, yaxşı ki varsınız! Sayqılarla sevgilərlə ən xoş arzularımla hərkəsə sonsuz təşəkkürlər".