Britaniyalı müğənni Bonni Tayler bir aydan çox qaldığı süni komadan ayılıb.
Axşam.az xəbər verir ki, bu barədə “20minutos” nəşri məlumat yayıb.
Məlumata görə, ifaçı şiddətli qarın ağrıları səbəbindən Portuqaliyanın Faro şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Həkimlər bağırsaq perforasiyası və appendiksin partlaması səbəbindən ona təcili əməliyyat həyata keçiriblər.
Cərrahi müdaxilədən sonra Bonni Tayler bərpa prosesini yüngülləşdirmək məqsədilə süni komaya salınıb.
Bundan əvvəl həkimlər müğənnini komadan ayıltmağa çalışsalar da, onun ürəyi dayanıb. Həkimlər ifaçını reanimasiya etməyə nail olublar.
Hazırda sənətçinin komandası bildirib ki, Bonni Tayler artıq ayılıb, lakin vəziyyəti hələ də “çox ağır” olaraq qiymətləndirilir. O, intensiv terapiya şöbəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, Bonni Taylerin əsl adı Geynor Hopkinsdir. O, 1951-ci ilin iyununda Böyük Britaniyanın Skuen kəndində anadan olub.
Müğənninin musiqi karyerası 1976-cı ildə yayımlanan “Lost In France” mahnısı ilə başlayıb. Bonni Tayler xüsusilə 1980–1990-cı illərdə böyük populyarlıq qazanıb. Onun “Total Eclipse of the Heart” və “Holding Out for a Hero” hitləri dünya üzrə məşhurlaşıb.
İfaçı 2013-cü ildə “Believe In Me” mahnısı ilə Böyük Britaniyanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib.