Qəhvənin qiyməti bahalaşdı

Qəhvənin qiyməti bahalaşdı
100 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya bazarında qəhvənin qiyməti son altı ayın ən yüksək səviyyəsinə yüksəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bahalaşmaya səbəb Braziliya və Vyetnamda müşahidə olunan əlverişsiz hava şəraiti, eləcə də qlobal ehtiyatların azalacağı ilə bağlı narahatlıqlar olub.

Məlumata görə, qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 3,57 dollara çatıb. Bu, yanvarın sonundan bəri qeydə alınan ən yüksək göstəricidir.

Qeyd edək ki, ilin əvvəlindən ucuzlaşan qəhvə iyunda minimum 2,38 dollara qədər geriləmişdi. Lakin son həftələrdə bazarda yenidən bahalaşma tendensiyası müşahidə olunur.

Mütəxəssislər qiymət artımını dünyanın ən böyük qəhvə istehsalçıları olan Braziliya və Vyetnamda hökm sürən isti və quraq hava şəraiti ilə əlaqələndirirlər. Yüksək temperatur və yağıntının azalması qəhvə ağaclarının çiçəklənməsinə mənfi təsir göstərir ki, bu da gələcək məhsuldarlığın azalacağı ilə bağlı narahatlıqları artırır.

Braziliya dünyada "arabica", Vyetnam isə "robusta" növü qəhvənin ən böyük istehsalçısı hesab olunur. Hər iki ölkədə hava şəraitinin pisləşməsi bazarda təklifin azalacağı gözləntilərini gücləndirib.

Bundan başqa, mütəxəssislər "El Nino" hava hadisəsinin təsirinin 2027-ci ilin ilk rübünə qədər davam edə biləcəyini bildirirlər. Bu isə qəhvə qiymətlərinin yaxın dövrdə də yüksək səviyyədə qalacağı ehtimalını artırır.