Müğənni Gülay Zeynallı duelə çıxdığı “Kimdir nömrə 1?” yarışmasında hamını təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, muğam ifaçısı “Leyli və Məcnun” operasından "Şam pərdəsi" səhnəsini təqdim edib.
G.Zeynallı həyəcanlı olduğunu gizlətməyib:
“Bu səhnədə mənim tərəf müqabilim muğam ifaçısı Elnur Zeynalov oldu. Çox məsuliyyətli bir iş idi. Leyli obrazını bu günə kimi Nəzakət Teymurova, Gülyanaq Məmmədova kimi sənətkarlar səsləndiriblər. Ümid edirəm ki, səhnənin növbəti Leylisi mən olacam. Ən böyük arzum bu obrazı oynamaq idi”.
Hər kəsi heyrətə gətirən G.Zeynallı haqqında yarışmanın ekspertləri də fikir bildiriblər.
Afaq Gəncəli “Gülay, sən neylədin? Yeni Leyli gəlir. Fəxr edirəm ki, bu yarışma bir ifaçının belə gözəl qabiliyyətini aşkarladı. Sənin səhnəmizin Leylisi olmağa haqqın var”, - deyə bildirib.
G.Zeynallı dueldə həmkarı İlahə İbadova ilə yarışıb. Az səs toplayan İ.İbadova yarışmanı tərk edib.
Cavid Gülün aparıcılıq etdiyi “Kimdir nömrə 1?”in növbəti həftəsində iştirakçılar arasında ən çox səs toplayan Orxan Babazadə duelə çıxacaq. O, Yaşar Yusubla yarışacaq.
Prodüser Tolikin və aparıcı Afaq Gəncəlinin ekspert olduğu verilişin iştirakçıları Gülay Zeynallı, Yaşar Cəlilov, Yaşar Yusub, Nurlan Təhməzli, Rəvan Qarayev, Orxan Babazadədir.