Xalq artisti Aygün Kazımova son illərdə təqdim etdiyi mahnılarla rəqəmsal platformalarda uğur seriyasını davam etdirir.
Axşam.az xəbər verir ki, estrada ulduzunun işıq üzü görən demək olar ki, bütün layihələri qısa zamanda milyonlarla baxış və dinlənmə toplayaraq trendə çevrilib. Pop kraliçanın həm "YouTube", həm "Spotify", "Apple Music", həm də "TikTok" platformalarında böyük auditoriyaya sahib olması yeni mahnılarının sürətlə populyarlaşmasına səbəb olur.
2023-cü ildə təqdim olunan "Qorxuram", "Parol" və "Vəfasızlar unudulmur" dinləyicilər tərəfindən maraqla qarşılanaraq milyonlarla baxış toplayıb. Ardınca yayımlanan "S.O.S" isə ölkənin əsas ulduzunun son illərin ən uğurlu işlərindən birinə çevrilib. Mahnı təkcə "YouTube"da deyil, musiqi platformalarında da milyonlarla dinlənmə əldə edib. Yutubda "S.O.S"un dinlənmə sayı 63 milyonu ötüb.
Müğənninin ötən il təqdim etdiyi "Abrakadabra" mahnısı 3,2 milyondan çox izləmə toplayıb. Kazımovanın həyatının əks olunduğu "Etiraf" isə 1,4 milyon baxış yığıb. İfaçının daha bir rekordu isə "Can ol" mahnısıdır. Ritmik mahnı yutubda 50 milyon baxış sayını keçib. "Sağ-salamat" 10, "1" 13, "Bilmək olmaz" 25, "Parol" 25 milyondan çox baxış toplayıb.
Aygün Kazımovanın bu il təqdim etdiyi "Məclis" mahnısı isə qısa müddətdə sosial şəbəkələrin ən çox müzakirə olunan layihələrindən birinə çevrilib. Mahnı "YouTube" trendində ilk üçlükdə qərarlaşıb, klipi milyonlarla baxış toplayıb, "TikTok"da minlərlə istifadəçi bu musiqi ilə video hazırlayıb. Bundan başqa, mahnı Türkiyədə "Spotify" pleylistlərinə daxil olub və "Apple Music"də ən çox dinlənilən mahnılar sırasında ilk beşliyə yüksəlib.
Bununla yanaşı, "Onun adı nə idi?" mahnısı da qısa müddətdə geniş auditoriya qazanaraq musiqi platformalarının ən çox dinlənilən yerli ifaları sırasında yer alıb.
Beləliklə, Aygün Kazımova illər keçməsinə baxmayaraq, rəqəmsal platformalarda ən çox dinlənilən və izlənilən Azərbaycan ifaçılarından biri olaraq lider mövqeyini qoruyub saxlayır.