Nizami Kino Mərkəzində türkiyəli rejissor Korhan Uğurun ərsəyə gətirdiyi "Tərkedilmiş" filminin qala gecəsi baş tutub.
Axşam.az-ın məlumatına görə, təqdimatda ekran işində rol alan aktyorlar Könül Nağıyeva, Kamran Ağabalayev, türkiyəli məşhurlar Hakan Vanlı, Levent Ülgən, Sema Şimşek, Nəriman Uğur, Burak Sarımola iştirak edib.
Gecədə əvvəlcə Kəlbəcərdə dünyasını dəyişənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edən K.Nağıyeva filmlə bağlı təəssüratlarını bölüşüb:
"Hamı mənə deyirdi ki, köçkün birinin obrazını necə oynadın? Mən qaçqınlıq, faciələr görmüş ölkənin vətəndaşı, müharibədə veteran olan kişinin qızıyam. Bu ağrını hiss edərək o rolu oynamışam".
K.Ağabalayev isə rejissor Korhan Uğura və filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib:
"Türkiyədə heç bu qədər həyəcanlı deyildim".
L.Ülgən paytaxtımıza ilk dəfə gəldiyini bildirib:
"Azərbaycanla birlikdə layihə gerçəkləşdirmək çox zövqlü idi. Bakıya ilk dəfədir gəlirik, insanlarını və şəhəri çox bəyəndik".
H.Vanlı isə bunları deyib:
"Qonaqpərvərliyinizə, Könülə və Kamrana təşəkkür edirik. Çox gözəl bir gecə təşkil edilib. Hamımız gözəl film ərsəyə gətirmək istədik, bacaracağımıza inandıq. Azərbaycandan iki istedadlı aktyorla işləmək şansı qazandıq. Rejissorlara, aktyorlara və bizi izləməyə gələn hər kəsə təşəkkürlər".
Filmi izləməyə gələnlər arasında xalq artisti Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, Dilarə Əliyeva, aparıcı Nərgiz Cəlilova, Afaq Gəncəli, Kamilə Babayeva, Elnarə Təhməzova, müğənnilər Röya, Sevda Yahyayeva, Murad Arif, Zamiq Hüseynov, Dilarə Kazımova, aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev, rejissor Kənan M.M. və başqaları yer alıb.
Foto: Ramin ASLANOV