Misirdə turizm dedikdə əksəriyyətin ağlına ilk olaraq Şarm əl-Şeyx və Hurqada gəlsə də, son illərin ən çox diqqət çəkən istirahət məkanlarından biri də "Misirin Maldivi" adlandırılan Əl Ələmeyndir.
"Kompas Azərbaycan" şirkətinin təşkilatçılığı ilə bu günlırdı Əl Ələmeynə yollandım. Səfər çərçivəsində bu turizm bölgəsi ilə yaxından tanış olma imkanı qazandım.
Təxminən 3 saat 20 dəqiqə davam edən uçuşdan sonra qaldığımız məkan Aralıq dənizi sahilində yerləşən "Rixos Premium Alamein" hoteli oldu. Hava limanından hotelə transfer xidməti təşkil edilir və təxminən 50 dəqiqə ərzində hotelə çatmaq mümkündür.
İlk baxışdan möhtəşəm memarlığı və geniş ərazisi ilə diqqət çəkən hotel dənizə sıfır məsafədə yerləşir. Burada qonaqlar həm istirahət, həm də zəngin qastronomik seçimlərdən yararlana bilirlər.
Hoteldən cəmi 5 dəqiqəlik məsafədə İtaliya, Yunanıstan və Türkiyə mətbəxləri, həmçinin dəniz məhsulları restoranları fəaliyyət göstərir. Hotelin daxilində isə Livan və Misir mətbəxi, eləcə də manqal restoranı qonaqların ixtiyarındadır.
Bundan əlavə, "Rixos Premium Alamein"də İsveç masası formatında fəaliyyət göstərən dörd fərqli restoran mövcuddur. Günün istənilən saatında həm hovuz kənarında, həm də çimərlikdə müxtəlif yeməklər və qəlyanaltılar təqdim edilir. Bütün içki növləri də qonaqlar üçün hər dəqiqə əlçatandır. Mehriban əməkdaşlar qonaqlara hər an sürpriz edib, gözəl bir görünüşdə içkilər hazırlayıb təqdim edirlər.
Hotelin ərazisində üç hovuz, geniş qumlu çimərlik, axşam saatlarında isə müxtəlif əyləncə proqramları təşkil olunur. Burada bir neçə gecə klubu, eləcə də qonaqlara əsl ərəb ab-havasını yaşadan xüsusi kafe də fəaliyyət göstərir.
Əl Ələmeyn həm sakit istirahət, həm də lüks xidmət və əyləncəni bir arada yaşamaq istəyənlər üçün fərqli turizm istiqamətlərindən biri hesab olunur.
Uşaqlarınız da burada darıxmayacaq. Hotelin ərazisində uşaqlar üçün əyləncə və oyun yeri var.
Əl Ələmeynin ən böyük üstünlüklərindən biri də onun əlverişli yerləşməsidir. Buradan dünyanın ən məşhur tarixi məkanlarına rahatlıqla səyahət edə bilərsiniz.
Cəmi 3 saatlıq yol qət edərək Qahirəyə çatacaq, dünyanın 7 möcüzəsindən biri olan Piramidaları və məşhur Misir Muzeyini ziyarət edəcəksiniz.

Eyni zamanda, Aleksandriyaya da rahatlıqla gedərək qədim dünyanın 7 möcüzəsindən biri hesab olunan Aleksandriya Mayakının yerləşdiyi ərazini və dünyanın ən böyük kitabxanalarından biri olan müasir Aleksandriya Kitabxanasını görmək imkanı əldə edəcəksiniz.
Zəhra Əhmədova