Bu gün xalq artisti Firəngiz Mütəllimovanın ad günüdür.
Təəssüratlarını Axşam.az-ın əməkdaşı ilə bölüşən aktrisa xoş gününü yaxınları ilə qeyd edəcək:
“Sənəddə ad günüm mayın 1-nə yazılıb. Ona görə də yaxınlarıma demişdim ki, sosial şəbəkədə paylaşmasınlar. Amma sənət dostlarım, bir çox tanınmışlar İnstaqramda təbrik etdilər, gizlədə bilmədim. Bu günü yalnız ailəmlə qeyd edəcəm. Təmtəraqlı ad günü mayda olacaq. İlk təbrikimi də yaxınlarımdan aldım. Səhərdən telefonum susmur, hamı zəng edir. Çox xoşbəxtəm ki, bu qədər sevənim var".
Qeyd edək ki, F.Mütəllimova 1959-cu ildə Ağcabədidə doğulub. Əslən şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Xalq artisti bir çox filmlərdə, televiziya tamaşalarında iştirak edib.