Gənc aktrisa Gülay Hüseynovanın “P.S. Zaten boyun da küçüktü...” adlı kitabının imza günü keçirilib.
Axşam.az-ın məlumatına görə, romantik komediya janrında yazılmış əsər türk dilindədir. İşıq üzü görməsindən on gün keçməsinə baxmayaraq, kitab çox sevilib.
G.Hüseynova nəşrlə bağlı bunları deyib:
“Kitabın janrı romantik komediya olduğuna görə qəhrəmanım Yaya çılğın, romantik, həssas və ən əsası, çox xəyalpərəst biridir. Bu baxımdan obrazımla ortaq cəhətlərimiz çoxdur. Buna baxmayaraq, lazımi məqamlarda ağıllı addımlar atmağı, düzgün qərarlar qəbul etməyi də bacarır. Kitabda günümüzün ən aktual məsələsi olan sosial şəbəkələrdə yaranan sevgilərdən bəhs olunur. Kilometrlərlə uzaqda yaranan ən saf, ən təmiz və platonik bir sevgi hekayəsindən söz açılır. Qəhrəmanlarımdan biri Azərbaycan, digəri isə Türkiyə vətəndaşıdır. Hadisələr Bakı və İstanbulda cərəyan edir. Üz qabığı üstündə həftələrlə düşünmüşəm. Bu kitabı yazanda bir şeydən əmin idim ki, hamı burada öz həyatından mütləq nələrisə tapacaq. Oxucular bəyəndilər. Yazar deyiləm. Öz zövqüm, marağım üçün bunu ərsəyə gətirmişəm. Hədəfim “P.S. Zaten boyun da küçüktü...”nü Türkiyə bazarında sevdirməkdir. Çünki kitab həm də qardaş ölkədə satış üçün nəzərdə tutulub”.
Qeyd edək ki, Gülay “Media FM”in aparıcısı və gənc aktrisadır. Bu günə qədər “Ləkə”, “Həyat çiçəyi”, “Tufanlı səma”, “Bizim Əhməd hanı?” kimi seriallarda və bir çox filmdə rol alıb.