Nail Naiboğlunun rejissorluğu ilə lentə alınan “Biznesmen” filminin qala gecəsi baş tutub.
Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan gecədə filmin aktyor heyəti iştirak edib.
Ramiz Abdullayevin eyniadlı əsəri əsasında lentə alınan ekran işi 6 aya ərsəyə gəlib.
Təqdimat mərasimində çıxış edən N.Naiboğlu “Biznesmen” filmi ilə bağlı danışıb:
“Klip bazarında öz sözümü demişəm. Əminəm ki, film sahəsində də uğura imza atacam. Ekran işində aktyorlarla yanaşı, müğənnilər də rol alıb. Çəkiliş prosesləri o qədər də asan keçməyib. Hər bir işdə olduğu kimi burada da çətinliklərlə üzləşdim. Amma peşəkar yaradıcı komandamın sayəsində bunun da öhdəsindən gələ bildim. Bu işdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Filmdə xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aparıcılar Anar Nəcəfli, Kamran Quliyev, müğənni Kəmalə Qaramollayeva və başqaları rol alıb.
Qeyd edək ki, qala gecəsinə qatılanlar arasında xalq artisti Flora Kərimova, modelyer Fəxriyyə Xələfova, aparıcı Zemfira Adıgözəlova, müğənni Yaşar Cəlilov, Ayan Babakişiyeva, Aysel Əlizadə və başqaları olub.
Foto: Ramin ASLANOV