"İndi daha təcrübəliyəm" - Elnur Hüseynov

"İndi daha təcrübəliyəm" -  Elnur Hüseynov
1378 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvadakı “Korston Club Hotel” mehmanxanasında “Eurovision-2015” mahnı müsabiqəsi iştirakçılarının promo-turunun sonuncu konserti olub.

Axşam.az-ın məlumatına görə, gecədə bu il müsabiqədə ölkəmizi təmsil edəcək Elnur Hüseynov və “Evrovision-2011” müsabiqəsinin qalibi Eldar Qasımov da çıxış ediblər.

Promotur çərçivəsində Elnurla yanaşı, Moskvaya, Böyük Britaniya, İslandiya, Belarus, İsrail, İtaliya və digər ölkələrin təmsilçiləri də gəliblər. Gecənin təşkilatçıları arasında “Avropa-2015” ilk Avropa idman oyunlarının medallarının dizaynının müəlliflərindən biri “Adamas” zərgərlik şirkəti də yer alıb.

Böyük konsert proqramından əvvəl keçirilən mətbuat konfransında iştirakçılar jurnalistlərin suallarını cavablandırıb, öz mahnıları, səhnə performansları haqqında danışıblar.

E.Hüseynov bildirib ki, müsabiqəyə hazırlıq işləri uğurla gedir:

"2008-ci ildə Samir Cavadzadə ilə birlikdə “Day after day” mahnısını ifa edərkən, belə mötəbər bir müsabiqədə ölkəmizi ilk dəfə təmsil etmək olduqca məsuliyyətli idi. İndi artıq daha təcrübəliyəm. Mahnı və səhnə performansı üzərində gərgin iş gedir. Mahnının sözlərinin ilk variantı iki gəncin sevgisindən bəhs edirdi. Lakin sonradan biz sözləri dəyişdik. “Hour of the Wolf” balladasında heç zaman təslim olmamaq, mübarizə aparmaq və qalib gəlmək çağırışı səslənir".

“Eurovision” müsabiqəsini Azərbaycana gətirən təmsilçimiz Eldar Qasımovun fikrincə, bu yarışma musiqi aləmində yeni meyillərin və janrların yarnmasına, insanların musiqi zövqünün formalaşmasına kömək edir. Eldar Qasımov azərbaycanlı həmkarının uğur qazanacağına əminliyini ifadə edib:

“Bəzən müğənnilər müsabiqədə iştirak edib 5-ci və ya 10-cu yerləri tutmaqla kifayətlənirlər. Bəziləri isə hesab edirlər ki, öz sözlərini hələ deməyiblər. Mən inanıram ki, Elnur bu il öz sözünü deyəcək”.

Tanınmış Rusiya estrada müğənnisi, ölkənin “Eurovision-2015” müsabiqəsində təmsilçisi Polina Qaqarin Bakıda bu günlərdə baş tutmuş “Tamaşa bitdi” konsert proqramından bəhs edərək vurğulayıb ki, Azərbaycanda onun “A Million Voices” mahısı hərarətlə qarşılanıb. O, həmçinin bildirib ki, hazırda mövcud olan siyasi vəziyyət “Körpülər salmaqla” (“Building Bridges”) devizi altında keçiriləcək yarışmaya heç bir təsir göstərməyəcək, çünki “Eurovision” musiqi və rəngarəng şou müsabiqəsidir və iştirakçılar yalnız tamaşaçıları sevindirmək üçün səhnəyə çıxırlar.

Mətbuat konfransından sonra promo turun Moskva dayanacağının iştirakçıları böyük konsert proqramı ilə çıxış ediblər. Elnur Hüseynovun “Hour of the Wolf”, Eldar Qasımovun isə xüsusi olaraq Moskva dinləyiciləri üçün rus dilinə tərcümə olunmuş yeni “Duman” mahnısını oxuyub.

Qeyd edək ki, “Eurovision-2015” mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada mayın 19-dan 23-dək keçiriləcək. Azərbaycanı müsabiqədə Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.

Mənbə: AzərTac