Müğənni Samira Allahverdi bu gün "Bakı 2015" Avropa Oyunlarına həsr olunan "Çağırış" mahnısına çəkdirdiyi klipini media əhlinə təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçi Jessie J-nin "Thuder" mahnısına Azərbaycan dilində sözlər yazdırıb. O, ilk dəfə təqdimat keçirdiyini vurğulayıb:
“Bundan öncə çəkilən kliplərimin heç birinə təqdimat etməmişəm. Bu dəfə özümə borc bildim. “Bakı 2015” Avropa Oyunları ərəfəsində bu da məndən idmançılara bir hədiyyə olsun. Özüm də idmana bağlı bir insanam. Bir neçə il bundan əvvəl Ülviyyə xanımla “Qələbə” mahnısına çəkilən klip də idmançılara həsr olunmuşdu".
Şeirin müəllifi olan Sevinç Şirin bildirib ki, bu mahnıya söz yazmaq düz 6 ay çəkib:
"Mahnı əcnəbi dildə olduğuna görə bir az çətinlik çəkdim. Amma sonda ərsəyə gələn iş hər kəsin ürəyincə oldu".
Mahnının ekran həlli isə rejissor Ülviyyə Könülə həvalə edilib.
Sərvər MEHTİYEV