Təqdimatda müğənninin sənət dostları ilə yanaşı media mənsubları, ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə giriş nitqi söyləyən “Sultan`s” restoranının sahibi Ahmet Murtuzaoğlu bildirib ki, Suat Köçər misilsiz ifası ilə qısa müddətə həm Türkiyədə, həm də Azərbaycanda böyük populyarlıq qazanıb:
“O, öz gözəl səsi, məlahətli ifası ilə milyonların rəğbətini qazanıb. Onun səsləndirdiyi hər bir musiqi insanların ürəyinə yol tapır, sevilir və hitə çevrilir”.
Tədbirdə iştirak edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Suat Köçərin vurğunu olduğunu deyib:
“Suat bəyin həftə sonları keçirdiyi musiqi axşamlarında səsləndirdiyi ifalar o qədər həzin və gözəldir ki, buna etinasız yanaşmaq olmur. O, həm də Türkiyə və Azərbaycan arasında körpü rolunu oynayan sənətçilərdəndir. Onun “Çırpınırdı qara dəniz” ifası türkçülüyün təbliğinə yönəlib və böyük rəğbət qazanıb”. Tədbirin səbəbkarı Suat Köçər bildirib ki, yeni klipdə həm böyük sənətkarın ruhunu şad etməyə, həm də yeni nümunə orta qoymağa çalışıb:
“Bizim Ahmet Kaya ilə səs yaxınlığımız var. Amma “Mən Ahmet Kaya olacam” deyə bir şey yoxdur. Daha bir neçə klip hazırdır və biz onları ən yaxın zamanlarda təqdim edəcəyik”.
Daha sonra Suat Köçər həyat yoldaşı, ifaçı İlahə Köçərlə birgə ərsəyə gətirdiyi yeni klipdən görüntüləri media mənsublarına təqdim edib.
Qeyd edək ki, Suat Köçər 18 ildir Azərbaycanda yaşayır və Azərbaycan Musiqi Akademiyasında təhsil alıb. Özünəməxsus ifa tərzi və yüksək peşəkarlıq qabiliyyəti olan müğənni həm türk, həm də Azərbaycan mahnılarını məlahətlə ifa edən azsaylı müğənnilərdəndir.