Birinci Avropa Oyunlarının məşəli bu gün Beyləqan şəhərinə gətirilib.
Axşam.az AzərTac-a istinadən xəbər verir ki, şəhərin qərb girişində məşəlin təntənəli qarşılanma mərasimi olub. Minlərlə beyləqanlının alqış sədaları altında Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Əli Sarıyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürüb. On məşəlçi 3,1 kilometr məsafədə yürüşə başlayıb. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Magistral, Sərdar İmrəliyev küçələri və Heydər Əliyev prospektindən keçərək Ulu Öndərin adını daşıyan Mərkəzi Parka gəliblər.
“Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin sərbəst güləş üzrə məşqçi müəllimi Nofəl Hüseynov məşəli burada qurulmuş səhnəyə qaldırararaq kasanı və çırağı alovlandırıb. Birinci Avropa Oyunlarının sonuna qədər şəhərdə yanacaq çırağı isə 1 nömrəli tam orta məktəbin şagirdi Fatimə Kazımlı rayon ictimaiyyətinə təqdim edib.
Məşəl Heydər Əliyev Parkına gətirilərkən tədbir iştirakçıları daha bir əlamətdar hadisənin – yeni ailə quran iki gəncin nikah mərasiminin də şahidi olublar. Rayonun Birinci Aşıqlı kənd sakinləri Qadir Paşayevlə Əsmayə Paşayevanın nikahı rəsmiləşdirilib.