Muğam ifaçısı Elnarə Abdullayeva Qobustanın kəndinə çəkdirdiyi 12 bulağın açılışını edib.
Axşam.az-ın məlumatına görə, mərasimdə Qobustan Rayon İcra başçısı, xalq artisti Alim Qasımov, kinorejissor Şeyx Əbdül, şairə Nazilə Səfərli və başqaları yer alıb.
Təəssüratlarını bölüşən E.Abdullayeva göz yaşını saxlaya bilməyib:
"Neçə vaxtdır çalışırdım ki, bu işi başa çatdırım. Allah rzası üçün görülən işlər gözəldir. O qədər sevinirəm ki... Sanki indi dünyaya gəlmişəm. Əslində etdiyim bu iş haqda xəbərin yayılmasını istəmirdim. Mən kəndə məscid tikdirəndə heç kimin xəbəri olmadı. İndi də qardaşımın təkidi ilə qonaqlar çağırdım. Çalışdım ki, bu gün toy-bayram olsun. Allahdan nə istədimsə mənə verdi. Ona həmişə şükr edirəm".
Alim Qasımov E.Abdullayevanın digər sənətçilərə də örnək olacağını bildirib:
"İnsan Allaha xoş gələn iş görmək istəyir. Su paklıkdır. Onsuz həyat yoxdur. Bu xeyir işi etmək üçün Allah Elnarə xanıma imkan verib. Bu xanım da gecə-gündüz Tanrıya təşəkkür etməlidir. Bu tək Elnarənin yox, bütün sənətçilərin adındandır. İnsanlar biləcək ki, sənətkarlar da xeyir işlər görür. Fəxr edirik ki, bizim həmkarımız belə iş görüb. İstəyirəm ki, bu Elnarə bulağı adı ilə tarixə düşsün. Arzu edirəm ki, ruzisi bol olsun, Azərbaycanın başqa guşələrində də belə işlər etsin".
Qeyd edək ki, E.Abdullayeva çəkdirdiyi bulağa 200 min manat xərclədiyini bildirmişdi.
Sərvər MEHTİYEV