ABŞ-da Türkiyədə böyük maraqla izlənilən "Suskunlar" serialının remeyki (yenidən çəkiliş) - "Game of Silence" yayımlanacaq.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hər il Nyu-Yorkda təşkil edilən "Upfronts" adlanan tədbirdə yeni çəkilən serialların ilk hissələri (pilot seriya) izlənilir. Bu dəfə də NBC telekanalının "Game of Silence" adlanan serialı diqqət çəkərək yeni mövsümdə yayımlanmaq üçün icazə alıb.
Ssenarisi Pınar Buluta aid olan "Suskunlar"ın ABŞ variantını çəkənlər arasında Devid Hyucins, Korel Mendelşin və Neyels Oplevlə yanaşı Timur Savcı da yer alıb. N.Oplev məşhur "Əjdaha döyməli qız" filminin də rejissorudur.
Qeyd edək ki, ekran işinin orijinal, türk variantında baş rollarda Murat Yıldırım, Aslı Enver, Sarp Akkaya çəkilmişdi.