Mayın 11-də Dənizkənarı Milli Parkda ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub.
Axşam.az-ın məlumatına görə, mərasimdə çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi məhsullarının satışa çıxarılmasından məmnunluğunu bildirib. İki həftə əvvəl ilk Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Saymon Kleq hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirində fəal iştirak etdiklərini vurğulayıb.
Satışa çıxarılan məhsulların üzərində ilk Avropa Oyunlarının brendinin həkk olunduğunu bildirən Saymon Kleq mağazaların “Bakı-2015”in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb.
Sonra Saymon Kleq və Afiq Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.
“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin, “Alovqoruyan”ların qatıldıqları açılış mərasimi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.