Moskvada Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan təntənəli mərasim keçirilib.
Axşam.a-ın APA-ya istinadən məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasim Heydər Əliyevin barelyefi önünə əklil qoyulması ilə başlanıb.
Mərasimdə Rusiya Dövlət Dumasının deputatları, xarici ölkələrin Moskvada akkreditə olunmuş səfiriləri, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, siyasi xadimlər və diaspor nümayəndələri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyevin Moskvada çalışdığı dövrdə Rusiya regionları və keçmiş Sovetlər İttifaqı ölkələri üçün çox şey etdiyini söyləyib:
"Heydər Əliyev Sovetlər İttifaqının rəhbərlərindən biri olub. Onun Sovetlər İttifaqı üçün xidmətləri unudulmazdır".
Heydər Əliyevin müasir Azərbaycanın da memarı olduğunu qeyd edən diplomat onun əməllərinin, siyasi kursunun hazırda prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini deyib.
Səfir qonaqları Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə də təbrik edib:
"Bu bizim ümumi qələbəmizdir. Sovetlər İttifaqında yaşayan bütüm xalqların dünyanı "qəhvəyi vəba"dan xilas etməsində böyük xidmətləri olub. Çox böyük təəssüflər olsun ki, İkinci Dünya müharibəsinin nəticələrini təftiş etmək cəhdləri var. Azərbaycan prezidentinin fikrincə, bu tamamilə perspektivsiz cəhdlərdir".
Mərasimdə çıxış edən Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov səfir Polad Bülbüloğlunu Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə xatirə nişanı ilə təltif edib.
Təntənəli mərasimdə səfir Polad Bülbüloğlu dünya elminin və Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Nobel mükafatı laureatı fizik Jores Alferovun Azərbaycan Milli Elmələr Akademiyası tərəfindən "Nizami Gəncəvi adına qızıl medal"la təltif edildiyini bildirib, medalı ona təqdim edib.