Bulvarda 3 manata çayla mürəbbə xəbəri yalan çıxdı

Bulvarda 3 manata çayla mürəbbə xəbəri yalan çıxdı
1479 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gündür ki, sosial şəbəkələrdə bulvarda çayın ucuzlaşması ilə bağlı məlumat yayılıb. Məlumatlara görə, Milli Parkın ərazisində sadə çay 2 manat, mürəbbə ilə çay isə 3 manata satılır. Məlumatda həmçinin qeyd olunurdu ki, müştərilərdən artıq pul istəyən obyekt sahibləri cərimələnəcək. Bunun üçün isə sözügedən nömrələrə şikayət edə bilərsiniz - 0552827000, 0124801836.

Qeyd edək ki, sözügedən açıqlama sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Maraqlıdır ki, bir çox istifadəçilər elə bir gün əvvəl bulvarda çay içdiklərini və qiymətdə heç bir ucuzlaşmanın müşahidə etmədiklərini bildirirdilər.

Axşam.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, “Balıq evi” və “Forest” kafelərində işləyənlərin məşhur qərardan xəbərləri yoxdur. Onlar onsuzda Milli Parkdakı bütün kafelərdə 1 çaynik çayın qiymətinin uzun müddətdir ki, iki manat olduğunu bildirdilər. Məsələ mürəbbəyə gəlincə, vəziyyətin dəyişildiyini gördük. Mürəbbənin qiyməti nəinki çayla bərabər 3 manat, ayrıca istəsəniz belə nadir halda 3 manata ala bilərsiz. Ümumilikdə, mürəbbənin qiyməti 4, 5, 7, 9 manat arasında dəyişir.

“Balıq evi” kafesində işləyənlər, belə bir qərar olacaqsa, bunun icarə qiymətləri ilə uzlaşmadığını dedilər. “Dəniz” kafesinin işçilərinin, digərlərindən fərqli olaraq sosial şəbəkələrdə yayılan bu məlumatlardan xəbəri var idi. Çayın qiymətini soruşanda, işçilər facebookda yayılan məlumatın doğru olmadığını deyiblər:

“Neçə gündür kimsə yalandan xəbər yayıb, elə bir qərar yoxdur. Bu da menyumuz, bütün qiymətlər burada yazılıb. Bu da qaynar xətt, buyurun zəng edin. Yalan məlumata görə müştərilərimizlə problemlərimiz olur”.

Kafedə olduğumuz müddətdə müştərilərlə işçilər arasında “çaypulu” üstündə tez-tez mübahisələrə şahid olduq. Müştərilər israrla o məlum qərarı xatırladırdı.

“Veteran” kafesinin rəhbərliyi isə yayılan informasiyanın onları çox narahat etdiyini bildirib.

Gecə dincəlmək üçün bulvara üz tutanlar isə kafelərdəki qiymətlərdən narazılıqlarını ifadə ediblər: “Burada çay içmək istəsək azı 5 manatımızdan keçməliyik, mürəbbədən başqa adi şokoladı 3 manata, paxlava və başqa şirniyyatlar 5-10 manat arası dəyişir. Bu da tələbə büdcəsinə heç uyğun gəlmir. İcarə haqqına görə onları başa düşmək olar, ancaq gərək onlar da bizi bir az başa düşsün”.