Avropa məşəli Qobustanda - fotolar

Avropa məşəli Qobustanda -  fotolar
1321 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015”-in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu olub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlanıb. 1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdirib. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.

Mərasim “Bakı-2015”-ə həsr olunmuş bədii proqramla davam etdirilib. “Bakı-2015”-in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.

Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüratlarını bölüşərək deyib: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.