“Azərbaycanın səsi” dünəndən etibarən yenidən ATV-də start götürüb.
Axşam.az-ın məlumatına görə, yarışmanın növbəti buraxılışında bəzi dəyişiklər olunub.
Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi verilişdə bu dəfə münsif kürsüsündə xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənni Elton Hüseynəliyev və Nadir Qafarzadə əyləşib. 4 ay davam edəcək müsabiqədə qalib Azərbaycanı “Türkvision” müsabiqəsində təmsil edəcək.
Bir-birindən maraqlı anların yaşandığı verilişdə münsiflər sürprizlə qarşılaşıb. Belə ki, onlar “ATV Maqazin” verilişinin müxbiri Vüqar Kamiloğlunu iştirakçı qismində görəndə, təəccüblərini gizlədə bilməyiblər. V.Kamiloğlunun seçimi Nisə Qasımovanın komandası olub.
Qeyd edək ki, “Azərbaycanın səsi” yarışmasının ilk buraxılışı ötən il yayımlanıb. Həmin vaxt münsiflər arasında müğənni Elnarə Xəlilova və meyxanaçı Namiq Qaraçuxurlu da yer almışdı.
Canlı yayım hər həftənin şənbə günü saat 22:00-da “Sirena Motors”un sponsorluğu ilə ATV-də efirə gedəcək.
Foto: Azad BAĞIROV