Xalq artisti Firəngiz Mütəllimova yeni çəkilən filmlərdəki qüsurlardan bəhs edib.
Axşam.az-a açıqlama verən aktrisa ekran işlərində istifadə olunan söyüşləri qınayıb:
“Yeni çəkilən filmlərdən cəmi birini – “Tərkedilmiş”i izləmişəm. Əvvəlini bəyənmədim, yarıdan sonra xoşuma gəldi. Mən ən zəif filmlərimizi də alqışlayıram. Çünki bunlar hamısı inkişafdır. Getdikcə daha da peşəkarlaşacağıq. Həm də tamaşaçı toplayırıq. Amma ekran işlərində bayağı söyüşlərdən istifadə olunur. Bunu bəyənmirəm. Milli söyüşlərimizi hamımız bilirik. Bunu filmdə işlətmək kimə lazımdır?”.
F.Mütəllimova filmlərin komediya janrında olmasına da münasibət bildirib:
“Hər dövrün bir dəbi var. Bir ara yazıçılar ancaq qəmli əsərlər yaradırdılar. İndi tək bizdə yox, dünyada da komediya janrı üstünlük təşkil edir. Bu da gedəcək, yerini başqa nəsə tutacaq. Bugünkü seriallardan razı deyiləm. Hamısında eyni aktyorlardır. Olmaz... Teatrda qeyri-peşəkar insanın yer alması pisdir. Amma filmdə, serialda hamı rol ala bilər. Niyə fərqli simalar seçmirlər? Hazırda “Bacanaqlar” serialına çəkilirəm. Bu bitənə kimi də heç bir ekran işində olmayacam. Sonra ya tarixi, ya da dramatik rol istəyirəm. Tamaşaçı görsün ki, aktrisa necə dəyişdi. Yenə də komediya janrında bir film olsa, razılaşmayacam. Türkiyədən təkliflər gəlir, amma gedə bilmirəm. Burada dərs deyirəm, işim var”.
Aktrisa baxımlı qalmasından da bəhs edib:
“Heç bir plastik müdaxiləm yoxdur. Bircə qaşlarımı tatuaj etdirmişəm. Ona da peşman olmuşam. Qırışlarımı götürməyi çox cərrahlar təklif edib, amma istəmirəm. Mən bunları əziyyətlə, illərlə qazanmışam. Gözəl görünmək üçün insanın qəlbi təmiz olmalıır”.
Foto: Ramin ASLANOV