İlham Əliyev qızıl medalı qalibə təqdim edərkən - fotolar

İlham Əliyev qızıl medalı qalibə təqdim edərkən -  fotolar
5333 dəfə oxunub
  • A-
  • A
  • A+

Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onun inamlı mübarizəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyiblər.

Azərbaycanın və Macarıstanın 71 kiloqram çəki dərəcəsində güləşçiləri finalda üz-üzə gəliblər.

Yunan-Roma güləşçimiz, dünya və Avropa çempionatlarının mükafatçısı Rəsul Çunayev ilk görüşdə moldovalı Daniel Kataraqanı, növbəti mərhələdə isə Xorvatiya idmançısı Dominik Etlinqeri məğlub edib. Yarımfinalda Bolqarıstan təmsilçisi Svilen Kostadinova 10:0 hesabı ilə qalib gələn Rəsul Çunayev finalda macarıstanlı Balint Korpasi ilə qarşılaşıb.

Rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğradan Rəsul Çunayev birinci Avropa Oyunlarının çempionu olub. Azarkeşləri sevindirən idmançımız öz parlaq qələbəsi ilə xalqımıza böyük sevinc yaşadıb.

Digər güləşçimiz Rafiq Hüseynov 80 kiloqram çəki dərəcəsində final qarşılaşmasında iştirak edib. İlk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Təmiz qələbə ilə Avstriya idmançısına qalib gələn Rafiq Hüseynov ikinci qarşılaşmasında bolqarıstanlı Daniel Aleksandrovu məğlub edib. Yarımfinalda Türkiyə idmançısı Selçuq Cebiyə qalib gələn həmyerlimiz finalda Rusiya təmsilçisi Yevgeni Saleevlə görüşdü və gərgin mübarizə şəraitində keçən qarşılaşmada Rafiq Hüseynov ikinci olub.

71 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimində iştirak edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim edib.

Dövlətimizin başçısı İlham Əliyev birinci Avropa Oyunlarının çempionu Rəsul Çunayevi təbrik edib.

Qalib idmançımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səslənib, üçrəngli bayrağımız qaldırılıb.

Daha sonra 80 kiloqram çəki dərəcəsində aralarında Avropa Oyunlarının gümüş mükafatçısı Rafiq Hüseynov da olan qaliblər mükafatlandırılıblar.

İyunun 13-də 59 kiloqram çəki dərəcəsində güləşçimiz Elman Muxtarov üçüncü yer uğrunda mübarizə aparıb və bu qarşılaşmada Ermənistan təmsilçisi Roman Amoyan üzərində 4:1 hesabı ilə qalib gəlib və birinci Avropa Oyunlarının bürünc medalını qazanıb. İlk yarış günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar öz güclərini sınayıblar. Azərbaycan millisi isə bütün çəki dərəcələrində təmsil olunub.

Foto: Azad BAĞIROV