İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının bağlanış mərasimi keçirilib, IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin açılışı olub.
Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Həmin gün Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb.
Axşam.az-ın məlumatına görə, Xəzər rayonundakı “Qala” Qoruğunda VI Beynəlxalq “Qız qalası” incəsənət festivalının yekun günü festival çərçivəsində yaradılan maraqlı əsərlərin nümayişi ilə yadda qalıb.
Mərasimdə iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsərlərlə tanış olub.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən iyunun 11-də başlayıb.
Ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunmuş festivalın bağlanış mərasimi isə ilk dəfə olaraq “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda keçirilib.