İlham Əliyev və xanımına "Bakı 2015"ə görə hədiyyə verilib - fotolar

İlham Əliyev və xanımına "Bakı 2015"ə görə hədiyyə verilib - fotolar
2535 dəfə oxunub
  • A-
  • A
  • A+

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün qəbul təşkil edilib.

Axşam.az-ın məluatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri qəbulda iştirak ediblər.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Komitənin yüksək səviyyəli nümayəndələrini Prezident İlham Əliyevə təqdim edib.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbul birinci Avropa Oyunlarının açılışından bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Dövlətimizin başçısı mərasimdə çıxış edib:

“Azərbaycana bir daha xoş gəlmisiniz. Bu gün sizi burada, bu gözəl mehmanxanada görməkdən şadam və ümid edirəm ki, Azərbaycanda xoş vaxt keçirirsiniz.

İki gün əvvəl biz ilk Avropa Oyunlarının açılışının şahidi olduq. Hamımız təqdimatdan çox dərin təəssürat aldıq. Bu, qonaqlarımız üçün Azərbaycan, onun mədəniyyəti, musiqisi, ənənələri haqqında daha ətraflı məlumat əldə etmək, bizim tamaşaçılar üçün isə Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı idi. Təsəvvür edə bilərsiniz ki, açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız birmənalı olaraq ölkəsi ilə fəxr etdiklərini bildirirlər.

Azərbaycanda birinci Avropa Oyunlarının təşkil edilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə Avropa Olimpiya Komitəsi tərəfindən də dəstəklənən böyük dövlət xadiminə xas olan baxışlarından irəli gələn qərarına görə bir daha öz təşəkkürümü bildirmək istəyirəm.

Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında qalacaq səviyyədə Oyunları təşkil etdik. Bu fürsətdən istifadə edərək, Azərbaycan xalqını, eyni zamanda, Avropa xalqlarını bu möhtəşəm hadisə ilə bağlı bir daha təbrik etmək istərdim. Bütün idmançılara uğur və qələbə arzulayıram".

Prezident bildirib ki, Azərbaycanın qədim ənənələri, böyük tarixi və tarixi şəxsiyyətləri var:
 
“Əlbəttə, son 10 ildə idmanın və olimpiya hərəkatının inkişafı ilə bağlı gördüyümüz işlərin müsbət nəticələri var. Xatirimdədir ki, 2007-ci ildə biz prezident Hikki ilə bərabər regionların birində Olimpiya Mərkəzinin açılışını etdik. Avropa Olimpiya Komitəsinin prezidentinin Masallıya səfəri və regional idman mərkəzinin açılışında iştirak etməsi region idmançıları və gənc nəsil üçün yaxşı göstərici idi. Bundan sonra biz onlarla belə mərkəz inşa etmişik və bu gün Bakı regionun və bəlkə də dünyanın ən inkişaf etmiş idman infrastrukturuna malik şəhərlərindən biridir.

Əziz dostlar. Bu günlərdə bizimlə bir yerdə olduğunuza görə sizə bir daha təşəkkür edirəm. Bilirsiniz, mən Azərbaycan, gördüyümüz işlər və gələcək planlar haqqında çox danışa bilərəm. Çünki bununla bağlı qısa bir təqdimatda dolğun məlumat vermək mümkün deyil. Yalnız onu əlavə edə bilərəm ki, biz inkişafı davam etdirməyə sadiqik. Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq. Səmimi deyə bilərəm ki, bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib. Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks etdirsin.

Bu Oyunlar Avropa üçün olmalıdır. Açılış mərasimi zamanı Mehribanın da dediyi kimi, bu Oyunlar idmançılar, qonaqlar və Azərbaycana gəlmiş minlərlə insan üçün keçirilir. Mən əminəm ki, bu insanlar yenidən Azərbaycana gəlmək istəyəcəklər. Çünki onlar burada qonaqpərvərlik və hörmətin şahidi olurlar. Azərbaycan bununla fəxr edir və əminəm ki, idmançılar özlərini sanki evlərində hiss edir və hər birimiz həyatımızın yadda qalan günlərindən həzz alırıq.

Mən bir daha ölkəmizi Avropa və dünyaya təqdim etmək fürsətinə görə, Avropa Olimpiya ailəsinə minnətdarlığımı bildirirəm. Çox sağ olun”.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsindəki xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim edib.

Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Janez Kocijançiç, Avropa Olimpiya Komitəsinin baş katibi Rafael Paqnozzi, Avropa Olimpiya Komitəsinin xəzinədarı Kikis Lazarides, “Bakı-2015” birinci Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos, həmin komitənin sədr müavini Zlatko Matesa, Milli Olimpiya Komitələri Assosiasiyasının baş katibi Gunilla Lindberq, Avropa Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Jan Mişel Saive, Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin Türkiyə, Rusiya, Böyük Britaniya, İspaniya, Litva, Slovakiya, Polşa, Danimarka, Lüksemburq, Almaniya və İsraildən olan üzvləri, həmçinin idman ictimaiyyətinin digər tanınmış nümayəndələri, nüfuzlu idman xadimləri və dünya səviyyəli idmançılar iştirak ediblər.