Üzgüçülük yarışlarının ikinci günü başa çatıb - yenilənib

Üzgüçülük yarışlarının ikinci günü başa çatıb -  yenilənib
994 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Su İdmanı Sarayında “Bakı 2015” birinci Avropa Oyunları çərçivəsində üzgüçülük yarışlarının ikinci günü başa çatıb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, arxası üstdə 100 metr məsafəyə üzmə yarışında qaliblər məlum olub. Birinci yeri Böyük Britaniya nümayəndəsi Lük Qrinbenq (54.76 saniyə), ikinci yeri Rusiya idmançısı Filipp Şopin (54.81 saniyə), üçüncü yeri Almaniya idmançısı Marik Ulrix (55.35 saniyə) tutublar.

Rusiyalı Arina Openyaşeva (4:08.81 dəqiqə) və Anastasiya Kirpiçnikova (4:13.13 dəqiqə) 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışında müvafiq olaraq qızıl və bürünc mükafatlar qazanıblar. Almaniya idmançısı Leoni Kullman ikinci yeri tutub (4:12.16 dəqiqə). Qadınlar arasında 100 metr məsafəyə üzmə yarışında Niderland idmançısı Merrit Stinbergen (53.97 saniyə) qələbə qazanıb. İkinci və üçüncü yerləri müvafiq olaraq Rusiya idmançıları Arina Openyaşeva (54.45 saniyə) və Mariya Kameneva (55.19 saniyə) tutublar.

200 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışında Almaniya idmançısı Culia Mrozinski (2:11.19 dəqiqə) qızıl, italyan Eliza Skarpa-Vidal (2:12.27 dəqiqə) – gümüş və Macarıstan idmançısı Bolqarka Boneç (2:12.42 dəqiqə) bürünc medal qazanıblar.

Kişilər arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci və ikinci yerləri Rusiya üzgüçüləri Anton Çubkov (2:10.85 dəqiqə) və Kirill Mordaşev (2:12.94 dəqiqə) tutublar. Üçüncü yerə Böyük Britaniya idmançısı Lük Debis çıxıb (2:13.45 dəqiqə).

200 metr məsafəyə arxası üstdə üzmə yarışında Rusiya idmançısı Polina Yeqorova (2:11.23 dəqiqə) qızıl, Almaniya idmançısı Maksin Volters (2:11.38 dəqiqə) gümüş və Ukrayna nümayəndəsi Marina Kolesnikova (2:11.91 dəqiqə) bürünc medallar qazanıblar.

Bundan başqa, kişilər arasında 100 metr məsafəyə sərbəst üsulla, 200 metr məsafəyə fərdi kompleks üsulla, 200 metr məsafəyə kəpənək üsulu ilə üzmə yarışlarında və qadınlar arasında 200 metr məsafəyə brass üsulu ilə üzmə yarışında finalçılar müəyyənləşib.