Ötən gün Heydər Əliyev Sarayında Vadim və Valeri qardaşları tərəfindən təsis edilən “Qrand 2012” mükafatlandırma mərasimi baş tutub.
Axşam.az-ın məlumatına görə, “V & V” şirkəti tərəfindən təşkil olunan gecədə şou-biznes sahəsində 2012-ci ilin ən yaxşıları mükafatlandırılıb.
Tədbirin aparıcıları Murad Dadaşov və Nərgiz Cəlilova ilk olaraq səhnəyə xalq artisti İlhamə Quliyevanı çağıraraq mükafatını təqdim ediblər.
Qonaqları salamlayan İlhamə xanım şou-biznesdə üç primadonnanın olduğunu deyib:
“Azərbaycan şou-biznesində üç primadonna var: Fidan və Xuraman Qasımovalar, bir də mən. Bu gün mükafata layiq görülən bütün sənətçiləri təbrik edirəm. Onlar bu dəyərə layiqdirlər”.
İstanbulda olduğu üçün tədbirə qatıla bilməyən xalq artisti Aygün Kazımova “Həyat ona gözəl” mahnısına görə “İlin klipi” nominasiyasına layiq görülüb.
Müğənni Röya “İlin qadın müğənnisi”, “Gizli sevgi” bəstəsinə görə “İlin mahnısı”, Sevda Yahyayeva isə “İlin konserti” və “İlin albomu” mükafatını əldə ediblər.
Xalq artistləri Fidan və Xuraman Qasımova, əməkdar artist Manana, Elza Seyidcahan, meyxanaçı Namiq Qaraçuxurlu, Ehtiram və İntiqam qardaşları, müğənni Zamiq Hüseynov, Aysel Əlizadə, Elton Hüseynəliyev, aparıcılar Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı, Afaq Gəncəli, Günel Hümbətova, Kazım Sübhan, modelyer Sakit Abbasov, bəstəkar Nailə Mirməmmədli, Hacı Nazim, "Eurovision" təmsilçimiz Fərid Məmmədov, “Show TV”də yayımlanan “Bazar sürprizi” verilişi, Rusiyada fəaliyyətə başlayan Azərbaycan kanalı “TMV” və başqaları da mükafatçılar sırasında yer alıb.
Gecənin digər aparıcıları isə Zaur Baxşəliyev və Afaq Gəncəli olub.
Tədbirin təşkilatçısı prodüsser Tolik olub.
Foto: Rəşad Abbasov