“Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova bu dəfə jurnalın “Söhbət” rubrikasında plastik əməliyyatdan danışıb.
Axşam.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, o, bu dəfə plastik əməliyyatlara münasibətini bildirib:
“Plastik əməliyyata normal yanaşıram. Düşünürəm ki, əgər bir ölçü böyük sinə səni xoşbəxt edə bilərsə, niyə də yox. Lakin yenə də həddi aşmaq lazım deyil. İnsanlar buna alışır və özündə nəyisə dəyişmək vərdiş halına çevrilir. Əgər səni məmnun etməyən bir şeyi dəyişirsən və bunda da dayana bilirsənsə, bu gözəldir. Lakin əgər hiss edirsənsə ki, plastik cərrah işinin öhdəsindən yaxşı gəlir, sən ideal axtarışına davam edirsən və tezliklə şablon görünməyə başlayırsan. Qadın xoşbəxtdirsə, o zaman o, öz çatışmazlıqları ilə də xoşbəxtdir, əgər yanında onu sevən kişi varsa. Qadının özünü qiymətləndirməsi bir çox halda yanındakı kişidən asılıdır.
Mən özüm haqda deyə bilərəm. Əlbəttə, şəxsiyyətin inkişafı üçün nəyəsə çatmaq və nəyisə əldə etmək lazımdır. O zaman sən özünə inamlı olursan. Lakin sırf qadın kimi məni ancaq kişi özüməinamlı edə bilər, bir insan kimi deyil, məhz bir qadın kimi.
Əgər qadının şəxsi həyatında nə isə baş verirsə, o, dərhal özündə nəyisə dəyişməyə çalışır. Məsələn, saçını kəsdirir, yaxud boyayır. Bu, ola bilsin ki, şablondur, lakin belədir. Qadınlar xarici görünüşlərini stressdə olarkən dəyişirlər və bu, onlara kömək edir.
Mənim xoşuma gəlir qadınlar hər gün hündürdabanda gəzəndə. Bəlkə bu köhnədəblidir, narahatdır, lakin hündürdabanda qadın özünü tamam başqa cür aparır, başqa cür hərəkət edir, tamamilə başqa hisslər yaradır. Hansı narahatlıqlar yaratmasına baxmayaraq, buna dəyər”.