Xalq artisti Aygün Kazımova məşhur repçi Snup Doqla “Coffee from Columbia” layihəsindən danışıb.
Sənətçi Axşam.az saytına özəl açıqlamasında hər kəsin səbirsizliklə gözlədiyi duetini ilk dəfə dostu, aparıcı Səxavət Nura dinlətdirdiyini deyib:
"DEPRESSİYADA DEYİLƏM, ƏHVALIM ÇOX YAXŞIDIR"
“İstirahət mərkəzlərindən birində dincəlirəm. Depressiyada deyiləm, əhvalım çox yaxşıdır. “Coffee from Columbia” mahnısını dostum Səxavət Nura qulaq asdırdım. Çox bəyəndi, təriflədi. Mən inanıram ki, bu mahnını dinləyən hər kəs belə xoş münasibət göstərəcək. Artıq bütün işlər tamamlanıb. On gündən sonra böyük təqdimat mərasimi olacaq və duet tamaşaçıların ixtiyarına veriləcək”.
"YENİ ALBOMDA ON İKİ MAHNI YER ALIR"
Xalq artistinin sözlərinə görə, layihəsinin gecikdiyini iddia edənlər yanılırlar:
“Hər kəs bu klipi, mənim digər işlərimi görməyə səbirsizlənir. Pərəstişkarlarım da özüm kimi hövsələsizdirlər. Əslində layihəm gecikmir. Mənim bir neçə ayın içərisində etdiyimi başqası illərlə zamana ərsəyə gətirir. Yeni albomda on iki mahnı yer alıb. Avropada bir mahnının remiks olunması xeyli vaxt aparır. Hər şey İstanbuldakı müdirim Əhməd bəyə göndərilir. Elə olur ki, bəzi nüansları o, bəzilərini isə mən bəyənmirəm. Mahnılar Türkiyə Mədəniyyət Nazirliyi tərəfindən sənədləşdirilir, Müəllif Hüquqları agentliyində adıma keçirilir. Avropada ən məşhur müğənni bu işi üç ilə edir. Mənsə səkkiz aya sığdırmışam. Hamı işin mahiyyətini dərk etdikdən sonra niyə belə gec ərsəyə gəldiyini anlayacaq”.
"KLİP SUPER ALINIB"
Yeni klipindən ağızdolusu danışan sənətçi onu meyvələrə bənzədib:
“Amerika bütün dünyaya musiqini diqtə edən ölkədir. Buraya bir Şərq qızı - Aygün Kazımova qoşulub. Bu fikirlərin üst-üstə düşməsi üçün çox çalışmaq lazımdır. Snup Doqla klip çox super alınıb. Mən onu çiyələk-moruq-albalı qarışığına bənzədirəm. Çünki çox rəngli və cəlbedicidir.
Ən sevindirici hal isə odur ki, burada Snup Doq feat Aygün Kazımova deyil, Aygün Kazımova feat Snup Doq yazılır”.
Zəhra ƏHMƏDOVA