Musiqili Teatrda mövsümün ilk premyerası - fotolar

Musiqili Teatrda mövsümün ilk premyerası -  fotolar
474 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ xalq artisti, bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettasının premyerası olub.

Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, bu, Musiqili Teatrda 106-cı mövsümün ilk premyerasıdır. Tədbir böyük anşlaqla keçib. Aktyor oyunu, rejissor yozumu tamaşaçıların böyük marağına səbəb olub.

Tamaşadan sonra Rauf Hacıyevin oğlu, hazırda Türkiyədə yaşayan rejissor, əməkdar incəsənət xadimi Fuad Hacıyev telefonla zəng edərək, teatrın kollektivinə öz minnətdarlığını bildirib, “Qafqazlı qardaşqızı” operettasına yeni səhnə həyatının verilməsində əməyi olan hər kəsə təşəkkür edib.

Premyeranı izləyən ailə üzvləri, yaxınları telefon vasitəsilə Fuad Hacıyevə tamaşadan şəkillər, video-görüntülər yollayıblar.

Teatrın rus bölməsində hazırlanan, beynəlxalq layihə kimi Musiqili Teatrın tarixinə yazılan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əli Usubov, quruluşçu-drijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Moskvadan dəvət olunmuş Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmestrləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Boris Qrafkin, Svetlana Bulax, aktyorlar Firuz Məmmədov, Mehriban Zalıyeva, Elçin İmanov, Marina Litvinenko, Yuliya Heydərova, Nicat Həbibov, Rauf Babayev, Emil Heydərov, Nadejda Povelitsina, Əliməmməd Novruzov ifa edirlər.