Gürcü radiosu Azərbaycan mahnılarını təbliğ edəcək - açıqlama

Gürcü radiosu Azərbaycan mahnılarını təbliğ edəcək -  açıqlama
1364 dəfə oxunub
  • A-
  • A
  • A+

Gürcüstanda fəaliyyət göstərən “AG FM” radiosunun Bakı nümayəndəliyinin rəhbəri Ruslan Əhmədoğlu Axşam.az-a açıqlama verib.

O, radionun fəaliyyətindən, orada sevilməyindən danışıb:

“Bu radio Gürcüstanda yeni yaranıb. Gürcü radiosu olsa da, fəaliyyətini Azərbaycan dilində davam etdirir. Burada bizim dildə musiqilər səslənir. Onlar arasında xalq mahnılarımız, estradamız, folklor da yer alır. 5-6 aydır ki, işləyir və maraqla qarşılanıb. Layihə hər iki tərəfin nümayəndələrinin istəyi ilə olub. Onu da deyim ki, bu kommersiya xarakteri daşımır. Mahnılar burada seçilir və ora göndərilir. Yayım tezliyi Gürcüstanın özündəndir. Azərbaycanın əksər kəndlərində dinləmək mümkündür. Mənim bəstəkarlıq fəaliyyətim olduğuna görə, peşəkar mahnıları seçə bilirəm. orada yalnız Azərbaycanı və musiqisini təmsil etmək iqtidarında olan mahnılar yayımlana bilər”.

R.Əhmədoğlu musiqili prodüserin rejissor Nail Naiboğlu olduğunu bildirib:

“Radio ilə bağlı müraciətlər ona edilməlidir. Noyabrın 2-də yerli məkanlardan birində radionun təqdimat mərasimi keçiriləcək. Bununla bağlı Gürcüstanda tez-tez oluram. Artıq sürücülər də yol gedərkən o dalğanı tutur, bizim musiqilərə qulaq asırlar. İnsanlardan soruşub bəyənib-bəyənmədikləri ilə maraqlanmışam. Hamı razılıq edir”.

R.Əhmədoğlu gələcək planlarından da söz açıb:

“Gələcəkdə belə bir planımız var ki, hər ay bir yerli müğənninin iştirakı ilə müəyyən tədbirlər təşkil edək. Onsuz da bizim müğənnilərimiz orada tez-tez olurlar və klip çəkdirirlər. Həmin ərəfədə radioda da qonaq ola bilərlər. Eyni zamanda konsert proqramları təşkil etmək istəyirik. Bu işdə bizim orda yaşayan soydaşlarımızın fikri və arzuları da çox önəmlidir. İstəmədikləri müğənilərin ora aparmağın da bir mənası yoxdur. Onu da qeyd edim ki, yerli radiolarımız da bizimlə əməkdaşlıq edir, tam dəstəkdirlər”.