Bu gün Oman Sultanlığının paytaxtı Məsqət şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı öz işinə başlayıb.
Axşam.az-ın məlumatına görə, konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın birinci günündə çıxış edən Ə.Qarayev 23-27 noyabr tarixində Bakıda keçiriləcək İSESCO İcraiyyə Şurasının İclası və 12-ci Baş Konfransı haqqında geniş məlumat verib, həmçinin tədbir iştirakçılarını Bakıya dəvət edib. Daha sonra son illərdə İslam ölkələri ilə əməkdaşlıq edən beynəlxalq təşkilatların Azərbaycanın paytaxtında çoxsaylı tədbirlərinin keçirilməsini xatırladan nazir 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə təməli qoyulan “Bakı Prosesi” və bu il artıq 3-cü dəfə Bakıda keçirilmiş Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumunun tolerantlığa və multikulturalizmə xidmət etməsi barədə geniş nitq söyləyib.
Nazir tədbirdə Qarabağ ərazisində erməni işğalçıları tərəfindən İslam irsinin dağıdılması və məhv edilməsi barədə məsələ qaldırmış, bu məsələdə İslam dünyasının öz mövqeyini nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, tədbirin növbəti günündə Nazir Əbülfəs Qarayevin bir sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı noyabrın 4-nə kimi davam edəcək.