Muzey Mərkəzinin sərgi qalereyasında “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin açılış mərasimi oldu.
Axşam.az-ın məlumatına görə, biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzidir.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları salamlayaraq paytaxtımızın növbəti dəfə sənətsevərləri bir araya gətirən beynəlxalq tədbirə ev sahibliyi etdiyini bildirib:
"Artıq üçüncü dəfə gerçəkləşən “Fusion Doll” Beynəlxalq Kukla Biennalesi ötən illər ərzində öz auditoriyasını toplaya bilib. 2011-ci və 2013-cü illərdə təşkil olunan biennale maraqlı təqdimatlarla yadda qalıb, müəllif kukla sənəti sahəsində peşəkarların görüş yerinə çevrilib".
Bu il biennaledə 7 ölkənin təmsil olunduğunu deyən nazir bütün nümayəndələrə təşəkkürünü bildirib:
“İnanıram ki, müəlliflər tərəfindən təqdim edilən sənət nümunələrini tamaşaçılar rəğbətlə qarşılayacaq və şəhərimizin qonaqlarında da maraq doğuracaq”.
Sonra biennalenin təşkilatçılarına və iştirakçılarına diplomlar təqdim edilib.
Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq sərgidə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Estoniya və Yaponiyanın kukla ustaları iştirak edir.