Bakıda sürücü qadın sərnişini avtomobildə qoyub qaçdı - video
Nizami Rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdiyi reyd zamanı maraqlı hadisələr baş verib.
Axşam.az xəbər verir ki, reydi APA TV-nin əməkdaşları da müşahidə edib.
Bir avtomobilin sürücüsü yol polisi əməkdaşlarının qanuni əmrinə tabe olmayıb. Oqtay Vəliyev küçəsində avtomobilin sürücüsünə "Saxla!" əmri verilsə də, o, Babək prospektinə doğru hərəkətini davam etdirib. Prospektdəki yanacaqdoldurma məntəqələrindən birində avtomobili saxlayan sürücü qaçışını piyada davam etdirib. O qədər tələsib ki, avtomobildəki qadın sərnişini də unudub. Qadın sərnişin isə avtomobilin sürücüsü ilə təsadüfən yolda tanış olduğunu və avtomobilinə əyləşdiyini bildirib:
"Oturdum maşına. Başladı mənimlə mədəni surətdə danışmağa. "Ay xanım, gecə vaxtı hardan gəlirsən?" Belə. Dedim ki, "atam, işdən çıxmışam, evə gedirəm, yorğunam". Dedi ki, "Allah kömək olsun, gecə vaxtı niyə işləyirsən?" Cavab verdim ki, "Evdə xəstə balam var, məcburam. Özüm müəlliməyəm. Amma belə vaxtda işdən çıxmağa məcburam". Söhbət eləyə-eləyə gəldik. Bura çatanda da belə... Dedim ki, ay qardaş, niyə belə eləyirsən. Qayıtdı ki, benzin vurmalıyam, benzin qurtarır. Amma demədi ki, dalımca polis düşüb. Benzinliyə çatanda açarı çıxartdı, qaçdı getdi".