Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan media nümayəndələrinə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, Orxan anasının itkisindən bəhs edib. O, jurnalistlərə kobud davrandığı üçün onlardan üzr istəyib:
“Azərbaycan incəsənətinə ağır itkidir. Mənim üçün də böyük itkidir. Mən valideynimi, arxa-dayağımı itrdim. Bu gün bunu qəbul etmək mənə çox çətindir. Hamımız öləcəyik, geci-tezi var. Kimin alın yazısı hara kimidirsə, oradək yaşayacaq. Dünən jurnalistlərə qarşı kobudluq etmişəm. Dəfələrlə hamınızdan üzr istəyirəm. Məni də başa düşün, yaxınlaşıb nə hiss keçirdiyimi soruşdular”.
Orxan anasının vəsiyyətnaməsindən də bəhs edib. O, aparıcı Elgiz Əkbərin İ.Quliyevanın mal-dövlətini əsgərlərə vəsiyyət etməsi ilə bağlı dediklərinə cavab verib:
“Ailəmizin vəkili var. Bütün vəsiyyətnamələr, hüquqlar ondadır. Hər şeylə o məşğul olacaq. Biz həmişə axşam saat 12-də danışırdıq. Ölümündən bir gün əvvəl isə gecə 11-də bizi yığmışdı. Mən bu söhbəti birinci dəfədir ki, Elgizdən eşitdim. Bəlkə, Elgizin şəxsi fikridir. İnsan rəhmətə gedəndə arxasınca çox söz deyirlər”.
Orxan İ.Quliyevanı vəsiyyət etdiyi kimi tabutda dəfn etməyəcəyini deyib:
“Müsəlman aləmində heç kim tabutda dəfn olunmur. Mən də, anam da müsəlmanıq. O, Həcc ziyarətində də olub. Mən də bunu edə bilmərəm. Yerdə qalan nə istəyi varsa, hamısı yerinə yetiriləcək. Bu gündən etibarən anamın yas mərasimi Təzə Pir məscidində baş tutacaq. Bütün cümə axşamları veriləcək”.
Foto: Ramin ASLANOV