Sənət aləminin tanınmış simaları xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirələrini bölüşüblər.
Axşam.az mərhumla vida mərasiminə qatılan müğənnilərin fikirlərini təqdim edir:
Xalq artisti
Faiq Ağayev həmkarının itkisinin ona pis təsir etdiyini bildirib:
“Onunla telefonla danışmışdım, dünyasını dəyişənə hazırlaşana oxşamırdı. Xalqımıza onun sənəti, mahnıları qaldı. Çox çətindir... İndi onun durub səhnədə oxumağını istəyərdim. Çox böyük sənətkar, məktəb idi”.
Müğənni
Xatirə İslam onunla vidalaşmağa az insanın gəlməsindən şikayətlənib:
“Burada İlhamə Quliyevanın adına görə az adam var. Belə qənaətə gəlmək olar ki, insan başını yerə qoyursa, undulub. Biz beləyikmi? Bu bizə yaraşmaz. Belə olmayaq... Sağlığında İlhamə xanımın qaça-qaça əlini öpürdüksə, bu gündə tabutun yanında dayanaq. Bu günə kimi aramızda xoş münasibət olub. Həyatda necə davranırıqsa, axıra kimi belə olaq. Bir məzhəbə qulluq edək”.
Rəqqasə
Fatimə Fətəliyeva hələ də onun yoxluğuna inanmadığını bildirib:
“Onun sözləri hər zaman yaşayacaq. Oğluna, əzizlərinə başsağlığı verirəm. Dünəndən çox pis olmuşam. Axırıncı dəfə dörd gün qabaq görüşmüşdük, qucaqladım öpdüm. Peşmanam ki, onla şəkil çəkdirmədim. Dedim ki, “Əsəbiləşməyin, sizə yaraşmır”. Mənə deyirdi, səni sevirəm, hər zaman yeniliklər axtarırsan”.
Müğənni
Ayan Babakişiyeva da mərhumla bağlı fikirlərini bölüşüb:
“Kimisə qınayırdı, səhv tuturdu. Amma kimsə sənə məsləhət verməlidir. Heç kim ondan incimirdi. Sənətdə çox şey etdi. Onun yeri boş qalacaq, oranı heç kim tutmayacaq. Onun zarafatlarını da, tənqidini də çox axtaracayıq”.
Müğənni
Xatun Əliyeva isə İ.Quliyevanın hər zaman ona dəstək olduğunu dilə gətirib:
“Nə qədər ki, onun mahnıları var unudulmayacaq. Ehtiyacım olanda hər zaman əlimdən tutub. Onun dəstəyini unutmaram”.
Foto: Ramin ASLANOV