“Filmimizin səs-sorağı gözlədiyimizdən də yaxşı gəlir. Azərbaycanda bu gün çəkilən filmlər arasında ən gözəl reklam seansdan çıxan tamaşaçının fikridir. Ekran işinə baxan hər kəsin tərifini eşidirik”.
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı-aktyor İlkin Həsəni deyib. O, bir neçə gün əvvəl qalası keçirilən “Axırıncı yol” filmindən danışıb. İ.Həsəni tənqidlər eşitdiklərini də gizlətməyib:
“İstəyirsən neçə milyonluq film çək, təqdim et, yenə də tənqid eşidəcəksən. Bu qaçılmaz bir haldır. İstər adi tamaşaçı, istərsə də peşəkar kino nümayəndələrinin tənqidini eşitdik. Amma onlara deyim ki, bu “Bozbash pictures”dir, burada hər şey ola bilər. Bəzi kinoteatrlar var ki, onlar bizim filmimizi yayımlamağa çəkinirdi. Amma indi nümayiş olunan yerlərdə bütün seanslara biletlər bitib”.
Aparıcı ekran işində +18 söhbətlərin yer almadığını bildirib:
“İndi filmlərdə söyüşlərdən çox istifadə olunur. Bizim də ssenaridə +18 söhbətlər var idi, amma sildik. Mədəniyyət və turizm nazirliyindən yayım icazəsi alanda, bu məqamlara diqqət yetirilir. Biz də +18 olmadığını vurğulamışdıq. Hər zaman qeyd etdik ki, bizim film ailəvidir, hamı övladı, xanımı ilə gəlib baxa bilər".
Foto: Ramin ASLANOV