Aparıcı Azər İsmayılov "Yoxlama" adlı yeni layihəsinə təqdimat keçirib.
Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində baş tutan məclisə sənət aləminin tanınmış simaları, iş adamları qatılıb.
Tədbiri giriş sözü ilə açan A.İsmayılov "Yoxlama" ilə bağlı məlumat verib. O, ideyasını Rusiyadan götürdüyü bu verilişin Azərbaycanda bir yenilik olacağını vurğulayıb:
"Çəkiliş zamanı bir çox maraqlı məqamlarla rastlaşdıq. Elə restoran var idi ki, rəhbərinə sual verdik "Bunu ailənə yedizdirərsən". Cavabı isə "yox" oldu. Biz bu kimi halları montaj etmədən efirə verəcəyik. Bilirik ki, hər bir restoranda, oteldə xidmətlər yaxşıdır. Amma biz daha yaxşı xidmət tələb edirik. Verilişimizin məqsədi də buna nail olmaqdır. Hər kəs pisin də, yaxşının da şahidi olacaq".
Gecəyə qatılan müğənnilər Rəşad İlyasov, Sevda Yahyayeva, Natavan Həbibi, Elçin Hüseynov səhnəyə çıxaraq, mahnılar səsləndirib.
"Yoxlama" yaxın günlərdə ATV-də efirə gedəcək.
Foto: Ramin ASLANOV