“İgidlər yurdusan, ey Azərbaycan” adlı mahnıya çəkilən klipin təqdimat mərasimi keçirilib.
Axşam.az-ın məlumatına görə, sözləri Asif Fərmanova, musiqisi Sevinc Tofiqqızına aid olan bəstəni müğənni Aslan Hüseynov və Leyla Nura səsləndirib.
Yeni işindən xəbər verən S.Tofiqqızı onu təqdimatda tək qoymayan dostlarına təşəkkürünü bildirib:
“İlk növbədə mən Ali Baş Komandanımıza, Müdafiə Nazirliyinə, Daxili İşlər Nazirliyinə (DİN) öz təşəkkürlərimi çatdırıram. Bu gün məni tək qoymayan dostlarım da sağ olsunlar. Əslində iki klipimi təqdim edirəm. Onlardan biri “İgidlər yurdusan ey Azərbaycan” adlı vətənpərvərlik mövzusunda olan mahnıdır. Bu, mənim içimdən gələn səsdir, mən vətənimi sevirəm, ona görə də özümə borc bildim. Klipin rejissorluğunu Rauf Sahiboğlu edib. Onu da qeyd edim ki, bu, Leylanın ilk işidir. Təqdimatda yanımda olan Müdafiə Nazirliyinin səlahiyətli rəsmisi, DİN-nin rəsmisi və Daxili Komanda nümayəndələri, Əlil Sahibkarlar Təşkilatının Sədri Mirzə Məmmədəliyevə minnətdaram”.
S.Tofiqqızı ikinci klipini oftalmoloq Zərifə Əliyevaya həsr etdiyini deyib:
“Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş klip “Gözlərə nur verən mələk” kompozisiyasına çəkilib. Bu mahnı da seviləcək”.