Avqustun 12-dən 15-dək Macarıstanda bu ölkənin parlamentinin və “Turan” macar fondunun dəstəyi ilə təşkil edilmiş türkdilli ölkələrin nümayəndələrinin iştirakı ilə IV Turan xalqları qurultayı keçirilib.
Axşam.az-a daxil olan məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Budapeştdə Macarıstan parlamentində olub, tanınmış ictimai xadimlərlə görüşlər keçirib. Türkdilli ölkələr və xalqlar arasında dost münasibətlərin və mədəni əlaqələrin inkişafının, türk dünyasının tarixi vəhdətinin əhəmiyyəti, mədəniyyət və ədəbiyyatın təbliğinin, mənəvi dəyərlərin tərbiyə edilməsinin zəruriliyi vurğulanıb.
Turan (hun və türk) xalqlarının yığıncağı sayılan Qurultay Macarıstanın Kiçik Kumaniya bölgəsinin Buqats şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib.
Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Macarıstandakı təəssüratlarını bölüşüb:
“Qurultay” sözünün özü təkcə görüş mənasını vermir, həm də canlı ənənə və mənəvi önəm anlamına gəlir. Qurultay çərçivəsində xalqların mənəvi vəhdəti hiss olunur, görüş insanları hazırda ümumi keçmiş əsasında birləşdirməyə kömək edir. Macar torpağında Qərblə Şərqin bu görüşünün ruhu xalq doplomatiyası, xalqlar arasında əlaqələrin qurulması vasitəsilə də 140 milyon insana toxunur. Macarıstandakı Qurultay türk xalqlarını birləşdirir və sülhlə barışığa çağırır”.
Tamaşa zamanı dünyanın ən böyük çadırı olan “Atilla” çadırının açılışı olub, hun, sak, skif, qədim madyar, türk və qıpçaqların dövründəki piyada döyüşçülərin və atlıların silahlarla və geyimlərlə paradı, nomadların dövründəki oxatanların çıxışı, qədim silahların tətbiqi ilə “Böyük çöl” hərbi sənətinin, şərq atçılıq idmanı növlərinin nümayişi olub. İnsanlar bu Qurultayda köçəri sivilizasiyasının çiçəklənməsinin müxtəlif dövrlərinə səyahət ediblər, çünki böyük ərazidə xeyli çadır salınıb, hər bir iştirakçı milli geyimdə olub. Qonaqlara rəngarəng konsert proqramı, şamanların çıxışı, atçılıq-idman yarışı, kamandan oxatma yarışı, qılınc döyüşləri təqdim olunub. Azərbaycan Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə tamaşaçılar qarşısında çıxış edib. İfaçıların çıxışı gurultulu alqışlarla qarşılanıb. Bundan başqa, burada açılan yarmarkada bütün sənətkarlar şedevrlərini nümayiş etdiriblər. Çadırlarda suvenirlər satılıb, milli mətbəxlər və arxeoloji-antropoloji sərgilər təqdim olunub. Nümayəndə heyətləri bir-birilərinə milli suvenir və hədiyyələr veriblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, aralarında Nuranə Axundova, Nuriyə Hüseynova, Şəmistan Əlizamanlı, İlqar İlkin, Samir Turan, Aygün Hüseynli, Şamil Sadıq və başqalarının olduğu, ictimai təşkilat nümayəndələri, mədəniyət və incəsənət xadimləri daxil olublar