IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Soçi Milli Parkındakı Qafqazda Bəbirlərin Bərpası Mərkəzində olub.
Axşam.az-ın məlumatına görə, Leyla Əliyeva yeni doğulmuş bəbirlərin vaksinasiyası prosedurunda iştirak edib və “Qafqaz Təbiəti Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının rəhbərliyi ilə işçi görüşü keçirib. Görüşdə Ön Asiya bəbirinin tarixi yaşama arealı ərazisində populyasiyasının bərpası perspektivləri müzakirə olunub.
IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva bildirib ki, Ön Asiya bəbiri bir vaxtlar Azərbaycanda vəhşi təbiətdə yaşayıb:
“Bəbirin ayrı-ayrı növlərinə hələ də ölkənin bəzi ucqar dağlıq rayonlarında rast gəlinir. Ölkəmiz Rusiya Federasiyası kimi, bu unikal yırtıcının qorunmasının və onun Qafqaz dağlarının vəhşi təbiətinə qaytarılmasının əhəmiyyətini dərk edir. Dövlətlərimizi təkcə ümumi sərhədlər deyil, həm də təbiətin mühafizəsi üzrə fəaliyyətdə, o cümlədən bəbirin reintroduksiyası proqramının reallaşdırılmasında ümumi vektor birləşdirir. Ən yaxşı rusiyalı və azərbaycanlı ekoloqları cəlb edərək birgə səylərlə təbii mühitdə bəbirin bioloji davamlı populyasiyasının formalaşmasında əhəmiyyətli nəticələrə nail ola bilərik”.