Aşıq Namiq Fərhadoğlunun "Köklə sazı 6" verilişinin növbəti buraxılışı baş tutub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Lalə Əlimuxtarovanın etdiyi verilişdə bu dəfə münsif kürsüsündə meyxanaçı Namiq Məna, aşıqlar Rəfiqə Göyçəli, Cığatel İsaqızı, Əvəzxan Xankişiyev və Namiq Fərhadoğlu əyləşib.
13 aşığın yarışdığı proqramda bu dəfə də maraqlı anlar yaşanıb. L.Əlimuxtarova bildirib ki, "Köklə sazı 6" bitdikdən sonra "Köklə saz 7" başlayacaq.
"Azərbaycanda belə bir şey yoxdur ki, layihənin biri bitməmiş, o birisini etsinlər. Mən bir neçə layihə edirəm. Ölkə başçımız İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva hər zaman mədəniyyətimizə dəstək olub. Mən də aşıq sahəsində boynuma düşəni edirəm. Var olduğum müddətdə gənclərə qapı açacam. Burada Azərbaycanın hər bir yanından aşıqlar gəlir. Bir çox gənc zəng edir ki, biz də layihəyə qoşulaq. Artıq üç həftədir yayımlanırıq, gecdir. Onlara şad xəbər verirəm ki, yeddinci buraxılışımız da olacaq".
N.Fərhadoğlu eyni zamanda əməkdaşımızla söhbətində qalibə bahalı hədiyyə verəcəyini deyib:
"Bundan əvvəlki buraxılışlarda qalibə maşın verirdik. Bu dəfə də bahalı bir hədiyyə verəcəyəm. Hələ mükafat sirr qalsın".
Qeyd edək ki, "Köklə sazı 6" həftənin çərşənbə günü saat 22:00-da "Lider" telekanalında yayımlanır.