Sentyabrın 5-də Mədəniyyət naziri Əbülfəs Qarayev  Musa Yaquba "Xalq şairi" fəxri adının nişanını və vəsiqəsini təqdim edib.

Axşam.az xəbər verir ki, nazir Musa Yaqubu təbrik edərək onun müasir Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şairlərdən olduğunu bildirib.

Qeyd edib ki, zəngin yaradıcılıq yolu keçən şairin indiyədək çapdan çıxmış 10-dan çox kitabı oxucular tərəfindən maraqla qarşılanıb.

Musa Yaqubun xalqımızın milli ruhundan, minillik adət-ənənələrindən qaynaqlanan poeziyası vətənpərvərlik duyğuları ilə zəngindir.

Əbülfəs Qarayev söyləyib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin sonunda şairin yeni kitabı işıq üzü görəcək.

“Xalq şairi” kimi yüksək fəxri ada layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Musa Yaqub ölkə başçısının həmişə yaradıcı insanlara diqqət və qayğı göstərdiyini deyib.

Qocaman şair Azərbaycan poeziyasının gələcəyindən nikbin olduğunu vurğulayıb. Qeyd etdi ki, bu gün istedadlı gənc yazarlar böyük ənənələri olan Azərbaycan ədəbiyyatını yeni ideyalarla zənginləşdirirlər.

Şair gənc qələm sahiblərinin ona olan münasibətindən də razılığını bildirib.

 
 
 
 


                 

Digər